Vətəndaşı həbsdən buraxdıracağı adı ilə yalan vəd verərək onun 50 mindən artıq pulunu alan Coşqun Fazillinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Samirə Məmmədova ifadə verib:
"Oğlumu Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəməsi gedirdi. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinirdi. Coşquna ümumilikdə 50 min 500 manat pul verdim. Mənə söz verdi ki, oğlunu bəraət aldırıb həbsdən azad etdirəcəm. Bizi təqsirləndirilən şəxsin qonşusu Taleh adlı şəxs tanış edib. Talehə bildirmişdim ki, bizim uşaq günahsız yerdə içəridə yatır. Taleh mənə dedi ki, mənsiz Coşquna pul verməyin. Bizdən ilk olaraq 25 min manat demişdi. Sonra dedi ki, siz yuxarılara şikayət etdiyiniz üçün 10 min manat verin. Təqsirləndirilən şəxsin bir dəfə də məhkum olmasından xəbərim olmayıb. Verdiyim pulların hamısını qeyd etmişəm. Şikayətçiyəm və mənə dəymiş maddi ziyanı tələb edirəm".
Daha sonra zərərçəkmiş şəxsin anası Şəfiqə Məmmədova şahid qismində dindirilib. Onun sözlərinə görə, təqsirləndirilən şəxsi əvəllər tanımayıb:
"Mənim nəvəm Orxan Seyidovun Məhkəməsi gedirdi. Bu adam bizə dedi ki, 10 min manat verin Lənkərana Ağır Cinayətlər Məhkəməsinə danışıqlara gedirəm ki, uşağınızı çıxarı. Bizdə nağd olaraq verdik. Daha sonra bizdən daha 3 min, 4 min və 8 min manat da istədi. Hissə hissə olmaqla ümumilikdə 50 min 500 manat pul aldı. Mən dedim ki, nə qədər pul istəyirsən? Söylədi ki, iş ağırdı deyə vəziyyət bunu tələb edir. Bizi 3-4 ay uzatdı və şikayət etməkdən başqa əlacımız qalmadı".
Məhkəmənin növbəti iclası mayın 22-nə təyin edilib.
Qeyd edək ki, Coşqun Fazilliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu











































_1200.webp)









