Kiyevdə baş verən atışmada beş nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində yazıb.

"Ukraynanın daxili işlər naziri İqor Klimenko Kiyevdə mülki şəxslərə atəş açan hücumçunun məhv edildiyini bildirdi. Bütün hallar araşdırılır. Hazırda beş nəfərin öldüyü məlumdur. Onların ailələrinə və dostlarına başsağlığı verirəm", - deyə dövlət başçısı yazıb.

Hazırda 10 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib. Hamısına lazımi tibbi yardım göstərilir. Dörd girov azad edilib.

"Biz təcili araşdırma aparılacağına ümid edirik. Ukrayna Milli Polisinin və Təhlükəsizlik Xidmətinin müstəntiqləri işləyir. Mən Daxili İşlər Nazirinə və Ukrayna Milli Polisinin rəisinə bu iş üzrə bütün təsdiqlənmiş məlumatları ictimaiyyətə təqdim etməyi tapşırmışam", - deyə Zelenski bildirib.

Öz növbəsində Kiyev meri Vitali Kliçko atışmada ölənlərin sayının 6 nəfərə, yaralananların sayının isə 15-ə çatdığını bildirib.

Baş prokuror Ruslan Kravçenko isə “Telegram”da yazıb ki, paytaxtda atışma törədən Moskva sakini olub. Onun sözlərinə görə, paytaxtın Qoloseyevski rayonunda 58 yaşlı Moskva sakini atəş açıb, daha sonra supermarketdə özünü barrikadaya alıb və girov saxlayıb. İlkin məlumatlara görə, o, avtomat silahdan istifadə edib. 

***20:02

Bu gün naməlum şəxs Kiyevin mərkəzi rayonunda insanlara atəş açıb.

"Unikal" xəbər verir ki, bu barədə Kiyev Polisi məlumat yayıb.

Polis və xüsusi təyinatlılar cinayətkarı tutmaq üçün xüsusi əməliyyat keçirib.

Ukraynanın daxili işlər naziri İqor Klimenko “Teleqram”da bildirib ki, insanlara atəş açan şəxs polisin keçirdiyi əməliyyat nəticəsində zərəsizləşdirilib.

Kiyev şəhər meri Vitali Kliçko deyib ki, tibb işçilərinin məlumatına görə, Qoloseyevski rayonunda küçə atışması nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəstəxanaya yerləşdirilib.

Mediada yayılan məlumatlara görə, hücum edən şəxs 58 yaşlı Moskva əsilli Dmitri Vasilyeviç Vasılçenkovdur. Qeyd olunur ki, o, əvvəlcə Donetsk vilayətinin Baxmut şəhərində yaşayıb, daha sonra isə Kiyevin Qolosiyevski rayonuna köçüb.

Hadisə ilə bağlı araşdırma aparılır.