"Bakıda, COP29-da əldə edilən və illik 300 milyard dolları nəzərdə tutan razılaşma son illərin ən yaxşı nəticələrindən biri hesab oluna bilər. İndi isə daha çox ölkəni öz öhdəliklərini yerinə yetirməyə və bu prosesdə fəal iştirak etməyə təşviq etməliyik".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev V Antalya Diplomatiya Forumu çərçivəsində “COP31-ə doğru: Geosiyasi çağırışların yaşandığı bir dövrdə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı səsləndirib.

İqlim maliyyələşdirilməsi prosesinə daha çox tərəfdaş, iştirakçı və töhfəçi cəlb etməyin vacibliyinə toxunan Muxtar Babayev deyib: “Təəssüf ki, IMF kimi platformalarda iqlim məsələləri əsas prioritetlər arasında deyil. Hazırda beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf bankları diqqətlərini daha çox digər istiqamətlərə yönəldirlər və iqlim maliyyələşdirilməsi arxa planda qalır”.

O qeyd edib ki, özəl sektorun marağını yenidən iqlim maliyyələşdirilməsinə yönəltmək vacibdir: "Çünki gələcəkdə əsas maliyyə mənbələrindən biri məhz özəl sektor olacaq. Bu, həm qrant mexanizmləri ilə tamamlanacaq, həm də təxminən 1,3 trilyon dollarlıq razılaşma çərçivəsində öz əksini tapacaq".

M.Babayev özəl sektorun gözləmə mövqeyində olduğunu, onların çoxtərəfli inkişaf banklarının, böyük və zəngin ölkələrin hansı istiqamətdə addım atacağını izlədiklərini bildirib: “Buna görə də iqlim maliyyələşdirilməsinə daha çox iştirakçı və töhfəçi cəlb etmək istiqamətində səylərimizi davam etdirməliyik”.