Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının nəticələrinə əsasən, maksimal nəticə göstərən (300 bal) Aydın Həsənli Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayır.

"Unikal" xəbər verir ki, o, BANM-in Kompüter elmləri ixtisasını seçmək niyyətindədir.

Gələcəkdə Bakı Ali Neft Məktəbində təhsil almaq istəyirəm. Planım odur ki, bakalavr təhsilimi burada alım, daha sonra isə magistratura təhsilimi xarici ölkədə davam etdirim.İmtahanın özünə gəldikdə isə deyə bilərəm ki, suallar ümumilikdə nə çox asan idi, nə də həddindən artıq çətin. Orta səviyyəli suallar da var idi, daha çətin və diqqət tələb edən suallar da. Məncə, əsas məsələ çətinlikdən çox sualların vaxt aparması idi. Yəni bir çox sual diqqətlə işlənməli idi və bu da vaxt baxımından müəyyən çətinlik yaradırdı. Ümumilikdə isə imtahan normal keçdi", - deyə Aydın bildirib.

Qeyd edək ki, Aydın Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdidir. Aydın Həsənli daha əvvəl də IX sinif üzrə buraxılış imtahanında maksimum nəticə göstərərək 300 bal toplamışdı.