İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını və İrana qarşı əməliyyat çərçivəsində atılacaq addımların koordinasiyasını müzakirə etdiklərini bildirib.
“Unikal” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Baş nazirin sözlərinə görə, İsrail və ABŞ arasında sıx əməkdaşlıq davam edir. Bu əməkdaşlıq hərbi hava qüvvələri və donanmalar arasında qarşılıqlı fəaliyyəti, həmçinin rəhbərlik səviyyəsində müntəzəm təmasları əhatə edir.
Benyamin Netanyahu qeyd edib ki, İrana təzyiq həm hərbi əməliyyatlar, həm də digər vasitələrlə daha da gücləndiriləcək.
“Qarşıda hələ çox sürpriz var. Müharibəni hiylə ilə aparacağıq. Bütün planlarımızı açıqlamayacağıq, lakin çoxsaylı variantlarımız mövcuddur”, – deyə o bildirib.
Baş nazir əlavə edib ki, zərbələr həm aviasiya, həm də pilotsuz uçuş aparatları vasitəsilə endirilir və İranın güc strukturlarının zəiflədilməsinə yönəlib. Onun sözlərinə görə, bu addımlar ölkə daxilində dəyişikliklər üçün şərait yaratmağı hədəfləyir.
