Bakıda vətəndaşlara qarşı iki milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Həmidağa Atayev ifadə verib.
"Borulara vurduğumuz plastik hissəni Cahangirdən almalı olduq. Çünki bizim işimizə yarayırdı onun təqdim etdiyi məhsul. Biz plastik məhsulların istehsalı ilə məşğul idik. Cahangir bəydən 5 dəfə alış etmişik. Ondan heç bir şikayətim yoxdur.
Təqsirləndirilən şəxsin vəkili əlavə şahid olaraq Şənlik Şükürovun məhkəməyə şahid qismində çağırılması və münasibat ekspertizası ilə bağlı vəsatət qaldırıb.
Prokuror Valeh Ələkbərov vəsatətlərin təmin edilməməsini məhkəməyə təklif edib.
Zərərçəkmiş şəxsin vəkili Orxan Zeynalov isə bildirib ki, adıçəkilən şəxslə müvəkkili arasında narazılıq olduğu üçün obyektiv ifadə verməyəcək. Ona görə də, məhkəmədən vəsatətin təmin edilməməsini xahiş edib. Digər vəsatətə də münasibət bildirərək, bunun gələcəkdə sənədlərin tədqiqi zamanı baxılması zəruridir.
Məhkəmə qısa müşavirədən sonra vəsatətləri təmin etməyib.
Məhkəmə daha sonra şahid Ülvi Əlişovun məhkəməyə polisin nəzarəti ilə məcburi şəkildə gətirilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.
Xatırladaq ki, ittihamda bildirilir ki, Cahangir Qənbərov müxtəlif vaxtlarda paytaxt sakinləri – fərdi sahibkarlıqla məşğul olan Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından süi-istifadə edərək müxtəlif şərti biznes qurmaq adı ilə aldadaraq onların 2 milyon manatadək pullarını mənimsəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
