İyunun 10-da Azərbaycan Respublikası Milli Məclisində Mədəniyyət komitəsinin təşkilatçılığı ilə "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib.
"Unikal" xəbər verir ki, müzakirədə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, deputatlar, bir sıra dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri, sahə üzrə ekspertlər iştirak ediblər.
Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu tədbiri açaraq Mədəniyyət Nazirliyi sistemindəki kitabxanaların mövcud vəziyyəti ilə bağlı dinləmənin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək bildirib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən kitabxanalar əhalinin informasiya təminatı, mütaliə mədəniyyətinin inkişafı və milli-mədəni irsin qorunması baxımından mühüm funksiyalar yerinə yetirir. Bununla belə, aparılmış təhlillərə əsasən, xüsusilə regionlardakı kitabxanaların mövcud vəziyyəti bir sıra çağırışlarla xarakterizə olunur. Kitabxanaların ərazi baxımından lokallaşması, yerləşməsi prinsipini əsas götürsək, təsisatlar bütövlükdə bu sahədəki tələbatın heç 35 faizini yerinə yetirə bilmir.
Nazir bildirib ki, kitabxana sisteminin təkmilləşdirilməsi və optimallaşdırılmasının ilk hüquqi əsası Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə imzalanmış “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununda öz əksini tapıb. “Həmin sənəddə kitabxana sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması və yeni yanaşmalar əsasında yenidən qurulması ilə bağlı həm Mədəniyyət Nazirliyinə, həm də hökumətə konkret tapşırıqlar verilib. Bu, ilkin hüquqi baza kimi çıxış edir. Eyni zamanda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında da bu istiqamətdə xüsusi tapşırıqlar müəyyən olunub. Ümumiyyətlə, yeni mədəniyyət modelinin yaradılmasının əsas prinsiplərindən biri də vətəndaşların mədəniyyətə əlçatanlığının təmin edilməsidir. Bu gün əsas məqsəd Azərbaycan vətəndaşlarının, eləcə də ölkəmizə gələn qonaqların kitaba çıxış imkanlarını təmin etməkdir. Bu məqsədə çatmaq üçün yeni kitabxana xidməti şəbəkəsi formalaşdırılır”, - deyə nazir əlavə edib.
Adil Kərimli deyib ki, kitabxana sahəsində aparılacaq islahatların uğuru ilk növbədə peşəkar insan resurslarının formalaşdırılmasından asılıdır. Bu istiqamətdə Azərbaycan Milli Kitabxanası və nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən respublikanın bütün regionlarını əhatə edən genişmiqyaslı təlim proqramlarına başlanılıb. Kitabxana sistemində peşəkar idarəetmənin və rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi məqsədilə qarşıdakı aylarda ilkin mərhələdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən MKS-lərdə informasiya texnologiyaları və rəqəmsal resursların idarə olunması sahəsində çalışan əməkdaşların attestasiyası nəzərdə tutulur.
Sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərov kitabxana sahəsində aparılacaq islahatlara dair geniş təqdimatla çıxış edib.
Daha sonra çıxışlar dinlənilib, sahəyə dair rəy və təkliflər səsləndirilib. Çıxışlarda kitabxana sahəsində islahatların zəruriliyi qeyd edilib, bu istiqamətdə yeni yanaşmaların tətbiqinin çağımızın tələbi olduğu vurğulanıb.






.jpg)










.jpeg)
.jpeg)
































