Azərbaycan İdman Akademiyasında (ASA) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, qonaqlar MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasının fəaliyyəti ilə tanış olub. Nümayəndə heyətinə Akademiyada yaradılmış müasir tədris və elmi-tədqiqat infrastrukturu haqqında ətraflı məlumat verilib.

Görüşdə rektor Fuad Hacıyev ASA-nın tarixi, elmi-tədris mühiti və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə danışaraq bildirib ki, Akademiya ABŞ-ın aparıcı ali təhsil müəssisələri ilə akademik əlaqələrin genişləndirilməsində və uzunmüddətli tərəfdaşlıqların qurulmasında maraqlıdır.

ABŞ-nin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon isə elm və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

ASA ilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihə və tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin beynəlxalq layihələrin birgə icrası istiqamətində fikir mübadiləsi aparıblar.