"Hətta Avropada, Çində və ya Latın Amerikasında buz şoularına qayıtsam belə, əminəm ki, Bakıya qayıdacağam. Çünki evim buradadır".
"Unikal" xəbər verir ki, bunu Rusiyalı fiqurlu konkisürən Yelena Boleyko deyib.
O, Bakıya turist kimi on günlük gəlsə də, sonra burada daimi yaşamağa başladığını açıqlayıb: "2021-ci ildə yaxın dostum valideynləri ilə birlikdə buraya gəlmişdi. O, inanılmaz dərəcədə gözəl şəkillər paylaşaraq yerli sakinlərin onlara necə kömək etdiklərini, şəhəri necə göstərdiklərini və onları məhəllələrdə gəzdirdiklərini danışmışdı. Düzünü desəm, şəkillər məni valeh etdi - Alov Qüllələrini və ümumi atmosferi çox bəyəndim. O vaxta qədər artıq 15-dən çox ölkəyə səfər etmişdim, amma bilirdim ki, növbəti yer Azərbaycan olmalıdır. Əvvəlcə bu, sadəcə turist səfəri ideyası idi: ölkəni görmək, onu hiss etmək. Amma həyat fərqli bir dönüş etdi.
İnternetə girdim və təsadüfən Bakıya ucuz bir uçuş gördüm. Bilet aldım və 8 apreldə Azərbaycanın paytaxtına endim. Şəhərdə on günlük bir mənzil kirayə götürdüm. O anı hələ də xatırlayıram: Hava limanından çıxıram - çöldə 24 dərəcə selsi və Moskva qarından sonra gödəkçədə günəşli havadayam.
Sonra daha bir ay qalmağa qərar verdim - şəhəri turist kimi deyil, burada yaşayan bir insan kimi görmək üçün. Gündəlik məsələlərlə məşğul oldum, sənədləri doldurdum, yeni mənzil kirayə götürdüm. Və bir anda başa düşdüm ki, burada özümü sakit hiss edirəm. Həyatın bu tempi xoşuma gəlir. Bakı çox rahat və təəccüblü dərəcədə cəlbedici oldu. Digər böyük şəhərlərdə olduğu kimi burada daimi təlaş yoxdur. Yaşamaq, gəzmək və ətrafınızdakı bütün gözəllikləri görmək imkanınız var.
Bakı mənə daxili rahatlıq və böyümək hissi verdi. Məhz burada tamamilə müstəqil yaşamağa başladım. Bundan əvvəl bir dostumla yaşayırdım, amma burada özümü tək tapdım: bütün gündəlik işlər, sənədləşmə işləri və immiqrasiya məsələləri çiyinlərimə düşdü. İyirmi yaşda bu, insanı kəskin şəkildə dəyişir. Mənə elə gəlir ki, sanki Bakı məni sözün əsl mənasında böyüdüb. Bu şəhəri ruhuna və atmosferinə görə sevirəm. Buradakı insanlar mehriban və qonaqpərvərdirlər. Əlbəttə ki, hər yerdə olduğu kimi, burada da müxtəlif insanlarla tanış olursunuz, amma ümumilikdə çoxlu isti münasibət hiss etdim. Burada həyat da rahatdır: münasib qiymətə kirayə haqqı, nəqliyyat və yemək mövcuddur və Moskvadan daha sakitdir".

İdmançı və model Azərbaycanda məşqçi kimi işləməyə təsadüfən başladığını açıqlayıb: "Bu, təsadüfən baş verdi. ... yaşayış kompleksində mənzil kirayə götürmüşdüm və pəncərələrim düz buz meydançasına baxırdı. Yadımdadır, meydançaya baxıb “Burada işləməyə çalışsam necə olar?” deyə düşünmüşdüm. CV-mi göndərdim və mənə fiqurlu konkisürmə üzrə məşqçi vəzifəsi təklif olundu. Orada müqavilə ilə işləyirdim və müqavilə bitəndə işimi dayandırmaq qərarına gəldim".
Seymur Əli



















































