Səudiyyə Ərəbistanında "Əl-Xulud" klubunun sahibi Ben Harborqun "Əl-Nəsr" azarkeşləri ilə bağlı səsləndirdiyi fikirlər etirazlara səbəb olub.

"Unikal" xəbər verir ki, "goal.com" nəşrinin məlumatına görə, amerikalı funksioner müsahibəsində bəzi azarkeş qruplarının klublar tərəfindən maliyyələşdirildiyini iddia edərək "Əl-Nəsr" fanatlarını da buna bənzər qruplar sırasında göstərib.

Bu açıqlama Kriştiano Ronaldonun çıxış etdiyi klubun azarkeşlərinin sərt reaksiyasına səbəb olub. Sosial şəbəkələrdə başlayan etirazlardan sonra Harborq geri addım ataraq üzrxahlıq edib.

O bildirib ki, müsahibə 8 ay əvvəl çəkilib və həmin vaxt liqa barədə kifayət qədər məlumata malik olmayıb. Harborq "Əl-Nəsr"in böyük azarkeş kütləsinin belə üsullara ehtiyac duymadığını vurğulayaraq klubun və fanatlarının ünvanına söylədiyi fikirlərə görə üzr istəyib.