Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclası giriş sözü ilə açan Şuranın sədri Mehriban Məhərrəmova qarşıda duran cari məsələləri iştirakçıların diqqətinə çatdırıb. 
İclasda Agentliyin rəsmiləri “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üzrə Dövlət Proqramı”nın məqsədləri, prioritet istiqamətləri, qarşıya qoyulan hədəflər, eləcə də Proqramın icrasından gözlənilən nəticələr və digər məsələlər barədə geniş məlumat verib. 
Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas prioritetləri sırasındadır. Bundan başqa, “Vahid Sağlamlıq” konsepsiyasının və qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, idxal-ixrac nəzarətinin və beynəlxalq əməkdaşlığın, eləcə də istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi və ictimai nəzarətin gücləndirilməsi proqramın əsas istiqamətləri kimi vurğulanıb.
Müzakirə zamanı İctimai Şura üzvləri Dövlət Proqramının icrası ilə bağlı fikir və təkliflərini səsləndiriblər. 
Tədbirin sonunda qida təhlükəsizliyi sahəsində hazırda icra olunan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.