Beynəlxalq əməkdaşlıq yalnız bəyanatlarla məhdudlaşmamalıdır. Öhdəliklər konkret nəticələr verdikdə və insanlar bu nəticələri gündəlik həyatlarında hiss etdikdə əməkdaşlıq real məna qazanır. Uğurun əsas meyarı qəbul edilən qərarların insanların həyatında müsbət dəyişikliklər yaratmasıdır.
"Unikal" xəbər verir ki, bu fikirləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasındakı çıxışında səsləndirib.
O qeyd edib ki, çoxtərəfli əməkdaşlığa etimadın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır: “Ölkələrin birgə səyləri icmaların və cəmiyyətlərin həyatında öz əksini tapmalıdır. Əməkdaşlığın məqsədi milli qurumların öz cəmiyyətlərinə daha yaxşı xidmət göstərməsinə dəstək olmaqdır. Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin cəmi yarım faizi kifayətdir. Əsas məqsədimiz ümumi səyləri birləşdirərək daha səmərəli nəticələr əldə etməkdir. Təhsil və elm bu fəaliyyətin mərkəzində dayanır. Təhsil gənclərə gələcəklərini müəyyənləşdirmək üçün zəruri imkanlar təqdim edir. Eyni zamanda, hər bir cəmiyyətin milli kimliyinə hörmətlə yanaşılması vacibdir”.
Salim bin Məhəmməd əl-Malik süni intellektin mədəni irsə çıxış imkanlarını genişləndirdiyini və dezinformasiyanın qarşısının alınmasına töhfə verdiyini diqqətə çatdırıb: “Bu baxımdan süni intellektin etik prinsiplər əsasında inkişaf etdirilməsi vacibdir. Süni intellekt sahəsindəki proqramlarımızı nazirliklərin müəyyən etdiyi prioritetlərlə uzlaşdırmalıyıq. Nazirləri bu istiqamətdə birgə səyləri gücləndirməyə dəvət edirəm. Azərbaycan xalqına “Bakı Prosesi”nə göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Təşkilatımız bu tərəfdaşlığa sadiqdir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əzmindədir”.



















































