Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrin I Beynəlxalq Mədəniyyət Festivalı təşkil olunub.

"Unikal" xəbər verir ki, festivalda müxtəlif ölkələrdən olan tələbələr öz milli mədəniyyətlərini, adət-ənənələrini, kulinariya nümunələrini və incəsənətlərini təqdim ediblər.

Tədbirin açılışında ADAU-nun rektoru Zəfər Qurbanov çıxış edərək festivalın əhəmiyyətindən danışıb. O, belə tədbirlərin müxtəlif ölkələrdən olan tələbələr arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəni müxtəlifliyin təşviqi və beynəlxalq tələbə mühitinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Rektor qeyd edib ki, ADAU-da əcnəbi tələbələrin təhsil alması universitetin beynəlxalq əlaqələrinin genişlənməsinin göstəricilərindən biridir. Bu cür təşəbbüslər tələbələrə öz mədəniyyətlərini tanıtmaq, digər xalqların adət-ənənələrini yaxından öyrənmək və universitet həyatında daha fəal iştirak etmək imkanı yaradır.

Festivalın bədii hissəsində azərbaycanlı tələbələrdən ibarət “Xarı bülbül” rəqs qrupu “Şalaxo”, “Dərvişxan” və “Naz eləmə” rəqslərini təqdim edib.

Hindistanlı tələbələrin ifasında isə Bharatanatyam rəqsi, eləcə də “Reckless”, “Skibidi”, “Khaleesi”, “Shadow Boys”, “Desi Baddies”, “Spidy Girls”, “Thunder Bolt”, “Disco Dance”, “Swaram” və “Sablaski” adlı rəqs və musiqi nömrələri nümayiş etdirilib. Rəngarəng çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Festivalın davamında DJ müşayiəti ilə müxtəlif musiqi nömrələri səsləndirilib, tələbələr əyləncəli proqramda iştirak ediblər.