Azərbaycanda 275 qurumdan ümumilikdə 25 mindən çox dövlət qulluqçusunun süni intellekt və kibertəhlükəsizlik üzrə təlimlərə cəlb edilməsi planlaşdırılır.
"Unikal" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt əsrində cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar iclasın açılışında deyib.
Nazir müavini bildirib ki, bu məqsədlə başladılan “Digital Horizon” proqramı çərçivəsində növbəti bir neçə ay ərzində bütün iştirakçıların təlimlərə cəlb olunması planlaşdırılır.
Onun sözlərinə görə, proqram vətəndaşların süni intellektin əsaslarını, düzgün sorğuların hazırlanmasını, saxta xəbərlərin müəyyənləşdirilməsini və kiberdələduzluq hallarının aşkarlanmasını öyrənməsinin vacibliyinə əsaslanır.
R.Həsənov uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə də diqqət çəkib. O bildirib ki, Elm və Təhsil Nazirliyi ilə birlikdə məktəblərdə süni intellektin təhlükəsiz tətbiqinin genişləndirilməsi istiqamətində işlər aparılır. Artıq bir sıra alətlərdən istifadə olunur, yeni həllərin tətbiqi də nəzərdə tutulur.
Nazir müavini uşaqların manipulyativ alqoritmlər, zərərli məzmun, asılılıq yaradan rəqəmsal dizayn və tanımadıqları şəxslərlə ünsiyyət kimi risklərlə üzləşdiyini qeyd edib.
Rəşad Həsənov, həmçinin bildirib ki, bu ilin əvvəlində Azərbaycan parlamenti uşaqların sosial mediada təhlükəsizliyinə dair qanun qəbul edib və bununla Azərbaycan 16 yaşdan kiçik uşaqlar üçün sosial mediaya qadağa tətbiq edən dünyada ilk ölkələrdən biri olub.


















































