Evinin qarşısında sürücünün siqnal verməsinə görə ona ağır xəsarət yetirməkdə və xuliqanlıq etməkdə təqsirləndirilən İsgəndər İbişovun məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.
O, məhkəməyə təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil Səlahəddin Cəfərov müdafiə çıxışı edərək məhkəmədən müvəkkili üçün bəraət hökmünün çıxarılmasını xahiş edib.
Təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham irəli sürülən 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi əsaslılığı sübuta yetirilmədiyinə görə hissəvi bəraət verilib.
221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə bağlı təqsiri sübuta yetirildiyinə görə ona 1 il 4 ay müddətinə azadlıqdan məhrum cəzası verilib.
Lakin onun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı 2 il həbsdə olmasını nəzərə alaraq ona 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verildiyi üçün dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 2023-cü ilin dekabrında paytaxtın Səbail rayonu ərazisində baş verib.
Belə ki, Vüqar Əliyev idarə etdiyi avtomobili ilə İsgəndər İbişovun evinin yaxınlığından keçəndə avtomobilinin səs siqnalından istifadə edib.
İsgəndər İbişov bunu cüzi səbəb kimi bəhanə edərək, Vüqar Əliyevin sifətinin sağ nahiyyəsinə yumruqla bir dəfə zərbə vurub yerə yıxıb. Daha sonra ona əli və təpiklə zərbələr vuraraq fiziki zor tətbiq edib və həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib.
İsgəndər İbişova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) vǝ 221.2.1-ci (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
