Anasını hoteldə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Prokuror Valeh Ələkbərov ittiham nitqi ilə çıxış etmək üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.
İstintaqla məlum olub ki, təqsirləndirilən anası Əsmət Qasımlı ilə geyim tərzi səbəbindən mübahisəyə başlayıb. Belə ki, Əsmət gəzməyə çıxarkən qısa şort geyinəcəyini bildirib. Oğlu isə buna etiraz edib. Əsmət isə "yaxşı edirəm, bədən mənim bədənimdir, özüm bilərəm" ifadəsini işlədib. Bundan sonra azyaşlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə isə zərbələrə davam edib. Çiyin nahiyyəsinə zərbə endirərkən bıçaq qırılaraq Əsmətin bədənində qalıb. O canını qurtarmağa çalışsa da, oğlu onun üz nahiyyəsinə yumruqlar endirib, daha sonra isə onu boğmağa başlayıb. Anasının rəngi ağarıb xırıldadıqda isə onu boğmağı dayandırıb. Bütün bu qətl hadisəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən "Crossway" hotelində baş verib.
Təqsirləndirilən şəxsə ifadə vermək təklif edilsə də, o imtina edərək istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.
O ifadəsində bildirib ki, anasına qısa geyinməyə qoymayıb, çünki bu hərəkətindən utanıb, anasını kiminsə onun yanında belə görməsindən ehtiyat edib.
Qeyd edək ki, 2025-ci ilin avqust ayında 2009-cu il təvəllüdlü Ayxan Qasımlı oteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
