Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “Beniz” ləqəbli “tiktok”er Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xalid Kərimov videokonfrans vasitəsilə dindirilib.
Təqsirləndirilən şəxs Aybəniz Xəlilova zərərçəkmiş şəxsə işin hansı səbəbdən Suraxanı Polis idarəsində aparılması ilə bağlı sual verib.
Xalid Kərimov isə cavabında bildirib ki, o artıq istintaq orqanı ilə danışıqlar aparmışdı:
"Prokurorun müavini göstəriş verdi ki, elə edin ki, bizə düşsün. Mən də ona görə də 500 manatı Bənizin kartına atdım ki, iş Suraxanıya düşsün. Bütün bunları istintaq orqanındakı vəkilimin göstərişinə əsasən etmişəm".
Zərərçəkmiş şəxsin vəkili Mirdamət Qədirli müvəkkilinə Aybəniz Xəlilova ilə neçə dəfə istirahətə getdiyini soruşub.
Xalid isə bildirib ki, 2023-cü ilin mart ayında rayonlarımızda, 2024-cü ilin iyununda 1 həftəlik Dubayda və Türkiyədə istirahətdə olublar:
"Müstəntiq Aybənizin telefonunu mənə verib dedi ki, ustaya verib açdırım. Çünki bəzi məlumatları əldə etmək istəyirdim. Lakin heç bir usta aça bilmədiyindən telefonu özlərinə qaytardım".
Aybəniz Xəlilova məhkəməyə bildirib ki, uşağının taleyi onun barəsində veriləcək qərardan asılıdı. Ona görə də məhkəmənin vaxtını daha tez salınmasını xahiş edib.
Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.
Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.
Orxan Rasifoğlu
