Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.

Şahid M.Q təqsirləndirilən şəxsləri tanıdığını deyib:

"O qədər ürəyim qırılıb ki, bu ikisini görməyə gözüm yoxdur. Dünyada ən böyük dərd ata çiynində oğulun getməyi imiş. Nuranəni tanıyandan görürdüm ki, bunun iki gündən bir günü polisdə keçirdi. Dava edib Ədilin gününü qara edirdi ki, anana yaxın getmə, tələb edirdi ki, mənə aliment verməlisən. Gəlirdi binanın qabağında hay-küy salırdı, qonşuların yanında biabır olmuşduq. Oğlum bunun əlindən qapıma gəlmirdi. Heç şeytan da bu qadına yaxın gələ bilməzdi. Nuranə yoldaşım Rayaya deyirdi ki, oğlunun ancaq meyidini məndən ala bilərsən. Mən həmin gün işdə olmuşam, hadisədən qonşumun zəngindən sonra xəbər tutdum".
Şahid F. N həmin ərazidə usta işi gördüyünü, həyətə çıxanda  yerdə uzanmış adamı gördüyünü deyib:

"Adam çox içkili idi, özündə deyildi. Ona su verdik, bir az özünə gəldi. Üstündəki telefon zəng elədi. Götürdüm, dedim ki, zəng etdiyiniz adam uzanıb qalıb, çox  içkilidir. Daha sonra bir qadın da zəng etdi. Sonra bir oğlan gəldi. Maşın olmadığından adamı əl arabasına uzadıb evinə apardıq. Yoldaşı su içirdi. Kurtkasını çıxardıq. Köynəyini də çıxaranda gördük ki, bədəni qan içindədir. Mən sonra evə getdim. Çox keçmədi ki, polislər gəldi, məni bölməyə apardılar".

Şahid O.R yaşadığı evdən çıxanda Ə. Məhərrəmovu  gördüyünü bildirib:

"Divarın dibində uzanıb qalmışdı. Yaxınlaşıb tərpətdim ki, burada niyə uzanmısan? Güclə cavab verdi ki, dəyməyin mənə, yuxum gəlir. Səbuhini köməyə çağırdım. Mən əməliyyatlı adamam, onu qaldırmağa gücüm çatmazdı. Odur ki, rəhmətliyi əl arabasına qoyub evinə apardıq".

Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il  aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Orxan Rasifoğlu