Özgə əmlakını gizli olaraq talamaqda təqsirləndirilən Akşin Əliyev və A.İ-nin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər elan edilmiş ittihamla özlərini təqsirli biliblər.

Daha sonra təqsirləndirilən şəxs Akşin Əliyev ifadə verib:

"Moskva prospektində bir xanımın telefonunu oğurlayıb ucuz qiymətə satdım. 1 mopedi digər təqsirləndirilən şəxslə birgə oğurlamışam. Onun yaşının az olduğunu bilmirdim. Ancaq digər mopedi isə tək oğurlamışam. Mopedi birini oğurlayıb yola düşəndə polis əməkdaşları məni saxlayıb, mopedi isə "ştrafnoy"a apardılar. Ümumilikdə 5 moped aparmışam, məqsədim isə satıb pul qazanmaq idi. Əvvəllər də oğurluqda məhkum olunmuşam. Tutulmamışdan 7 ay əvvəl azadlığa çıxmışdım. Mopedlərin hamısı sahiblərinə qaytarılıb".

Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (oğurluq - təkrar törədildikdə) və 170.3-cü (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu