Vətəndaşın etibarından sui-istifadə edərək ona ev satmaq adıyla dələduzluq etməkdə təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Tural Hüseynov dindirilib.
O, əvvəllər təqsirləndirilən şəxsi tanımadığını bildirib:
"2015-ci ildə ev almaq istəyirdim. İnternetdə gördüyüm binaya baxmağa getdim. Lakin qiymət məsələsində razılığa gələ bilmədik. Daha sonra aşağıda Zaur adlı şəxs bildirdi ki, "Akkord"un binalarından bir mənzil var, kredit borcu yarandığından təcili satılır. Evin qiymətini 95 minə dedi. Bildirdi ki, 60 min manatını ödəsəm, ala bilərəm.
Mənə dedi ki, "Akkord"da baş ofisdə bir nəfər var, bəlkə onunla danışsaz həll etmək olar. Getdim "Akkord"un Nərimanovda yerləşən ofisinə. Orada Nazim bəy çıxdı və onunla danışdıq. Dedi ki, narahat olmayın, ilkin olaraq 40 min manat ödənişlə həll edərik. Mənə bildirdi ki, 40 min manatı indi ödəmək lazımdır. Daha sonra 20 min manatı Zaur adlı şəxsə verməli olduğumuzu qeyd etdi. Sənədlər 1 həftəyə hazır olacaqdı. 10 min manat da bir verdim, amma sənədsiz. Daha sonra dedi ki, 3 500 də verilməlidir. Evə ekspertizadan gəlib baxmalı idilər. Ümumilikdə 33 min 800 manat təqsirləndirilən şəxsə pul vermişəm. O puldan mənə cəmi 8 min manat qaytarıb. Şikayətçiyəm".
Təqsirləndirilən şəxsin vəkili Mirdamət Qədirli prosesdə zərərçəkmiş şəxsə pulun kankret olaraq kimə verdiyini soruşdu. Zərərçəkmiş də cavabında pulların əlbəəl Nazim Məmmədova yox, Zaur Ədilova verdiyini bildirib.
Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.
Qeyd edək ki, istintaqla müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə məhkum olunmuş Nazim Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edib, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Zaur Ədilov polis baş leytenantı rütbəsində Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraq alqı-satqısını həyata keçiriblər.
Özünü polis kimi təqdim edən şəxslərdən birinin cinayət əməli Mərkəzi Univermağın təhlükəsizlik kameralarına düşüb.
Nazim Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
