Türkiyəli aktyor Ufuk Bayraktar Beyoğlunda bir restoran sahibindən pul tələb etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
"Unikal" xəbər verir ki, aktyor məhkəmədə hadisə zamanı dərman qəbul etdikdən sonra spirtli içki içdiyini və tam şüurlu vəziyyətdə olmadığını bildirib. O deyib ki, yalnız dava-dalaş olduğunu xatırlayır və təhlükəsizlik kameralarının görüntülərini izlədikdən sonra şikayətçiyə vurduğunu görüb. Bayraktar hərəkətinə görə peşman olduğunu, heç kimin pulunu zorla almaq niyyətində olmadığını və məqsədinin gənclərə iş tapmaq olduğunu bildirib.
Məhkəmə sədrinin bu məsələ ilə bağlı verdiyi suallara cavabında aktyor maddi ehtiyacının olmadığını, həmin məhəllədə böyüdüyünü və imkan daxilində insanlara kömək etməyə çalışdığını qeyd edib.
Aktyor məhkəmədə aylıq gəlirinin 1 milyon lirə olduğunu da açıqlayıb.
Qeyd edək ki, Ufuk Bayraktar “Ezel” serialında canlandırdığı Ramiz Karaeski obrazı ilə məşhurlaşıb. Ona qarşı irəli sürülən ittihamlar üzrə 11 il 3 aya qədər həbs cəzası tələb olunur.
