Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəki rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırma zamanı 2000-ci il təvəllüdlü  Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.

*** 16:35

İki nəfərin mübahisəsi ölümlə nəticələnib.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, yanvarın 10-da Şəki rayonunun İnçə kəndi ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisa yaranıb. Mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə vuraraq  xəsarət yetirib. Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən o, yolda avtomobildən enib və bir qədər getdikdən sonra yıxılaraq növbəti dəfə xəsarət alıb. 

Xəstəxanaya yerləşdirilən S.Nəbiyev bu gün aldığı xəsarətlərdən ölüb. Polis əməkdaşları H.İsmayılovu şübhəli şəxs qismində saxlayıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seymur Əli