12.01.2026-ci il tarixində saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhərindən təcili çağırış qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2008-ci il təvvəllüdlü şəxsin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb. 

Ətrafdakıların təkidi ilə saat 09:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya həyata keçirilib. 

Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı təsdiq olunub və aidiyyəti üzrə təhvil verilib.

*** 10:50

"12 yanvar 2026-cı il tarixində Bayramov Röyal Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb".

"Unikal" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, hadisə dərhal qeydə alınıb, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb: "Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq".

***

Gəncədə meyit tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məmməd Xələfov küçəsində yerləşən 2 saylı Peşə Litseyində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti Peşə Litseyinin həyətində aşkarlanıb.

18 yaşlı gənc Peşə məktəbinin tələbəsi olub. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Gəncin meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, 18 yaşlı gənc ürəktutmadan ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov