“Bavariya” klubunun ingiltərəli hücumçusu Harri Keyn Bundesliqada dekabr ayının ən yaxşı futbolçusu seçilib.
"Unikal" xəbər verir ki, təcrübəli bombardir bu siyahıda komanda yoldaşları Maykl Olise və Yosip Stanişiçi, eləcə də Kristofer Baumqartner, Patrik Vimmer və Yan Diomandeni qabaqlayıb. Bu, Keynin cari mövsümdə qazandığı ikinci fərdi mükafatdır. O, sentyabrda da bu ada layiq görülüb.
Harri Keyn ilin sonunda yüksək məhsuldarlıq nümayiş etdirərək dekabrda keçirilən üç oyunda beş qol vurub. O, qapılara 18 zərbə endirib ki, bu da mövsüm ərzində ən yüksək göstəricidir. Hücumçu həmin oyunların birində - 13-cü turda “Ştutqart” ilə qarşılaşmada meydana sonradan daxil olsa da, het-trik etməyi bacarıb.
İngilis forvard, həmçinin “Bavariya”nın heyətində həm qol vurub, həm də məhsuldar ötürmə etdiyi oyunların sayını 100-ə çatdıraraq, bu göstəriciyə ən tez nail olan futbolçu kimi Bundesliqanın tarixinə düşüb.
