Moskvada Tsaritsino Muzey-Qoruğunun ərazisində terror aktı törətməklə bağlı sosial mediada təhdidlər yaydığına görə yetkinlik yaşına çatmayan Rusiya vətəndaşı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Məlumata görə, yeniyetmənin şəxsiyyəti Amerika tərəfindən mümkün terror planı ilə bağlı alınan məlumatların araşdırılması zamanı müəyyən edilib.

FTX əməkdaşları yeniyetmənin “TikTok”da taktiki geyimdə, maskalı və eynəkli, habelə əlində avtomatik silaha oxşayan əşya tutaraq şəkillərini paylaşdığını aşkar ediblər. O, həmçinin Tsaritsino Muzey-Qoruğunun ərazisində çəkilmiş şəkillərini ingilis dilində “I found a place” (“Mən bir yer tapdım”) başlığı ilə paylaşıb. Saxlanılan şəxsin mənzilində aparılan axtarış zamanı geyim, aksesuarlar və təhdidləri yaymaq üçün istifadə edilən hesabı olan mobil telefon aşkar edilib.

FTX-nin məlumatına görə, yeniyetmə neonasist mesajlaşma kanallarına abunə olub və dəfələrlə internetdə terror hücumları, kütləvi qətllər və digər zorakı cinayətlər haqqında məlumat axtarıb.