Ukrayna Ali Radasının sabiq deputatı Almaniyada birjada manipulyasiya ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu rəsmi “Telegram” kanalında açıqlama yayıb. Bildirilib ki, saxlanılan şəxs beynəlxalq axtarışda olub. Prokurorluq onun adını açıqlamasa da, “Strana” nəşri söhbətin Ruslan Demçakdan getdiyini yazıb. O, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun siyasi komandasının üzvü və parlamentin maliyyə komitəsi sədrinin müavini olub.
Rəsmi məlumata görə, 2023-cü ilin avqustunda Demçaka qarşı birjada manipulyasiya və çirkli pulların yuyulmasına yardım göstərmə maddələri üzrə ittiham irəli sürülüb. İstintaqın versiyasına əsasən, o, 2017-ci ildə daxili dövlət istiqrazları ilə əməliyyatlar apararaq süni şəkildə investisiya gəliri əldə edib.
Hazırda Ukrayna tərəfi saxlanılan şəxsin ölkəyə ekstradisiya olunmasını gözləyir.