“Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi” çağırışını səsləndirərək bunu əsaslı şəkildə diqqətə çatdırmışdır. Ölkəmizin həyatında, bu gün xalqın partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasında dönüş nöqtəsi olan, məşhur “91-lər”in müraciəti kimi tarixə yazılan “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini imzalayan şəxslərdən biri kimi həmin dövrün reallıqlarının şahidiyəm. Təbii ki, zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır. Bugünümüzdən dünənimizə baxanda bu əminlik ifadə edilir ki, müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını şərəflə yerinə yetiriblər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

Azərbaycanın görkəmli ziyalılarının, tanınmış insanlarının və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ulu Öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Dahi şəxsiyyət Heydər Əliyev həmin müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında bu məqamı xüsusi qeyd etmişdir ki, güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması  gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.

Partiya yaranandan 7 ay sonra Ümummilli  Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri, oktyabr ayında isə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin yarıtmaz siyasəti, idarəçilik qabiliyyətlrinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının Azərbaycanı hansı problemlərlə üz-üzə  qoyduğu daim tariximizin qaranlıq səhifəsi kimi vərəqlənməli, indiki və gələcək nəsillərə çatdırılmalıdır. Bu gün müasir müstəqil, qalib, bütövləşən Azərbaycanın uğurlarından, Zəfərlərindən böyük qürurla bəhs ediriksə,  hər bir Azərbaycan vətəndaşı, gənci bilməlidir ki, bunlar böyük səylərin, qətiyyətin nəticəsidir. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Təbii ki, o dövrü  yaşamayan bugünkü gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Ulu Öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət,  yarımmüstəmləkə kimi yaşaya bilərdi. Artıq o vaxtdan 33 il keçir. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Tarixə söykənərək böyük qürur hissi ilə  Ümummilli Lider Heydər Əliyevin  rəhbərliyi ilə  ölkəmizin 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolunun uğurlarından bəhs edirik

. Azərbaycanın müstəqillik tarixinin bəldəçisi olan Yeni Azərbaycvan Partiyası bu uğurlara verdiyi böyük töhfələri ilə  qürurludur.  Ulu Öndər Heydər Əliyev ilk gündən partiyanın gələcəyinə böyük inam bəslədi və bunu “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri ilə təsdiqlədi. Xalq-Prezident birliyinin, həmrəyliyinin  uğurlu nəticələri Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bugünümüz və gələcəyimiz üçün istiqamət oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini  qazanaraq Prezident seçilən cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi aşağıdakı fikirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımız, dövlətimiz naminə gördüyü işlərin, göstərdiyi xidmətlərin aydın ifadəsidir: “Heydər Əliyevin siyasəti  Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan  beynəlxalq aləmdə  özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla  hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün  beynəlxalq, irimiqyaslı  layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə  həyata keçirilir". Qeyd edək ki, tarixi Zəfərimizin reallıqları fonunda yeniləşmə, təkmilləşmə siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərdi, onların həyatında təkmilləşməyə yol açdı. 2021-ci ilin 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edildi.  Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri, Prezident  İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi. Sözügedən təyinat yüksək etimadın təcəssümüdür.

Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi, vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb. Mehriban xanım Əliyeva  ictimai-siyasi həyatda, davamlı xarakter alan islahatlar prosesində fəal iştirakı ilə müasir müstəqil, qalib Azərbaycanın yeni-yeni hədəflərinin  reallığa çevrilməsinə böyük töhfələr verir. Şübhəsiz, bugünkü uğurlarımız 1993-2003-cü illərdə yaradılan möhkəm təməlin, eyni zamanda, Ulu Öndərin xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində növbəti inamın ünvanının düzgün müəyyənləşdirilməsidir. Prezident İlham Əliyev son 22 ildə bu inamı real addımları ilə doğrultdu. Ən əsası adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Azərbaycan hər bir sahədə gücləndi, yeni-yeni hədəflərə doğru inamla addımladı. Artıq beş ildir ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın keçdiyi inkişaf yoluna baxış Yeni Azərbaycan Partiyasının 33 ilik yolunun aydın mənzərəsidir. Partiyanın VII qurultayında yeni qərarların qəbulu, yeni tərkibin formalaşması qarşıdakı dövr üçün görüləcək işlərin aydın mənzərəsini yaratdı. Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir. Yeni dövrə qədəm qoyan Azərbaycan dövləti ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazilsində prezident və parlament, bu ilin yanvarında isə bələdiyyə seçkilərini keçirdi.

Bu seçkilər  Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunun bir daha təqdimatı oldu. 2024-cü ildə “Qalib xalqın qalib Lideri!” çağırışı ilə  7 fevral prezident seçkilərinə, “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə  1 sentyabr parlament seçkilərinə qatılan Yeni Azərbaycan Partiyası tarixinə növbəti qələbə səhifələrini yazdı. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına yuxarıda qeyd etdiyimiz müsahibəsində  növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı ünvanlanan “Cənab Prezident, belə bir addımın atılmasını şərtləndirən əsas amillər nədən ibarətdir” sualını cavablandırarkən bildirmişdir ki, birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur.  2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Digər səbəb isə  ondan ibarətdir ki, Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. O da qeyd edilmişdir ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi. Yeni hədəflər Yeni Azərbaycan Partiyasının yeni Proqramında öz əksini tapıb. Göründüyü kimi, Yeni Azərbaycan Partiyası uğurlarımıza bələdçilik etməklə dövrün, zamanın tələblərinə uyğun olaraq daim  yeniləşməyə  maraq göstərir, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində davamlı addımlar atır. Ötən 33 il zaman baxımından  az olsa da, partiyanın qazandığı uğurların miqyasının genişliyi fonunda sanki 100 ilə bərabər bir dövr kimi xaraterizə edilir. Çətin və şərəfli yol keçən partiyanın tarixinə yazılan 33 il  bir daha təsdiqlədi ki,  uğurların açarı qətiyyət, böyük səylər, özünəinam hissi, qarşıya qoyulan hədəfə nail olmaq üçün  mövcud imkanlardan maksimum istifadə etmək bacarığıdır. Təbii ki, burada xalqın sevgisi, inamı xüsusi yer tutur. YAP yarandığı gündən xalqın partiyasıdır.

Vüqar Rəhimzadə, ​Milli Məclisin deputatı, “91-lər”dən biri