Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Konstitusiyası: dövlət suverenliyi, hüquqi dövlət və vətəndaş həmrəyliyi” mövzusunda dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Konstitusiya Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev iştirakçıları əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan Konstitusiyasının dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətindən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən və həmin il noyabrın 27-də qüvvəyə minən Konstitusiyanın müstəqil Azərbaycanın hüquqi və demokratik dövlət kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxışında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının Konstitusiyanın ölkənin bütün ərazisində hüquqi qüvvəsinin təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, gənc nəslin hüquqi biliklərinin artırılmasının, Konstitusiya dəyərlərinin və dövlətçilik prinsiplərinin təbliğinin vacibliyini diqqətə çatdırıb.
Dəyirmi masa çərçivəsində YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon təşkilatının fəalı Anastasiya Lavrina, Aprel döyüşlərinin iştirakçısı, 166 nömrəli tam orta məktəbin hərbi rəhbəri, polkovnik-leytenant Afəddin Ağayev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ Gənclər Evinin direktoru Leyla Məmmədova və 223 nömrəli məktəbin müəllimi, Vətən müharibəsi iştirakçısı Elsevər Cəfərov mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda hüquqi dövlət quruculuğunun əsas prinsipləri, insan hüquq və azadlıqlarının qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, cəmiyyətdə vətəndaş həmrəyliyinin təmin olunması, eləcə də gənc nəslin milli-mənəvi dəyərlərə və dövlətçilik ideallarına bağlılığının gücləndirilməsi məsələləri geniş müzakirə edilib.















































.jpg)




.jpg)



