"Milli valyutaya inam artmaqda davam edir. Son bir ildə əmanətlərin dollarlaşması rezident fiziki şəxslər üzrə 3,3% bəndi azalaraq 25,7%-ə, qeyri-rezident fiziki şəxslər üzrə isə 5,7% azalaraq 54,6% səviyyəsinə düşüb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, 2026-cı ilin ötən dövründə bank sektoru sabit fəaliyyəti davam etdirib: "Bank sektorunda məcmu kapital adekvatlıq səviyyəsi 16,7% və likvidliyi örtülmə əmsalı 156% olmaqla normativləri əhəmiyyətli üstələyib, sektor mənfəətlə fəaliyyət göstərib. Bank sektorunun aktivləri genişlənməsi iqtisadi fəallığı dəstək verib. Belə ki, bank sektorunun aktivləri 10 ayda 15,1% artaraq 65,7 milyard manata çatıb. Kredit portfeli 14% artaraq 34,3 milyard manata çatıb. Bu dövrdə bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cəmi 2,7% olub. Dövr ərzində əhalinin əmanətləri 12,9%, o cümlədən müddətli əmanətləri 13,7% artıb".

Anar Kəlbiyev