Modelyer sevgilisini döyərək xəsarət yetirməkdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışları bitdikdən sonra məhkəmə təqsirləndirilənə hökm elan edib.
Məhkəmənin hökmü ilə Ziya Hüseynzadə barəsində tövsif edilmiş CM-nin 182, 177 və 186-cı maddələri təsdiqini tapmadığı üçün ona bəraət verilib. CM-nin 221 və 134-cü maddələri üzrə cəzaçəkmə müddəti bitdiyi üçün ona cəza təyin olunmayıb. Ziya Hüseynzadə CM-nin 133 və 127-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Yekun olaraq, Ziya Hüseynzadəyə digər cinayət işi üzrə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası da əlavə olunaraq, ümumilikdə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
İttihamda qeyd olunur ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən hadisənin 2021-ci il mayın 26-da baş verdiyi müəyyənləşdirilib. İddia olunub ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək giriş qapısını zədələyib.
2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə), 177.3-cü (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1-ci (xuliqanlıq) və digər maddələri ilə ittiham olunub.
Ziya Hüseynzadənin cinayət işi üzrə Raziyyat Əliyeva, Xədicət Əliyeva və Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.
Onu da qeyd edək ki, Ziya Hüseynzadə əvvəllər biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.
Orxan Rasifoğlu



















































