19-21 oktyabr tarixlərində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı, Bakı Gənclər Mərkəzi və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Vətənə Hazıram - 2” layihəsi həyata keçirilib.
"Unikal" xəbər verir ki, üç gün davam edən layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, milli-mənəvi dəyərlərə bağlılığı artırmaq, onlarda vətənə xidmət, dövlətçilik və milli məsuliyyət prinsiplərini möhkəmləndirmək olub.
Layihə çərçivəsində gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, intizam və komanda ruhunun formalaşdırılması, eləcə də vətənpərvərlik ideyalarının təbliği istiqamətində müxtəlif fəaliyyətlər təşkil edilib.
İştirakçılar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecində təşkil olunan təlimlərdə iştirak ediblər. Gənclər yeddi nəfərdən ibarət olmaqla dörd komandaya bölünüb, nəzəri və praktiki biliklərə yiyələniblər. Bununla yanaşı, hərbi texnika və avadanlıqlar, sağlamlığın qorunması, təhlükəsizlik və təxliyə qaydaları barədə maarifləndirici məlumatlarla tanış olublar.
Layihənin bağlanış mərasimində çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov təşəbbüsün gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, hərbi hazırlıq səviyyəsinin artırılması və hərbi xidmətin mahiyyətinin aydın şəkildə izah olunması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, vətəninə bağlı, yüksək bilik və bacarıqlara malik, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsi Azərbaycanın gələcəyinin möhkəmləndirilməsinə xidmət edir.
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxışında layihənin gənclərin ilkin hərbi biliklərinin artırılmasına, intizam və komanda bacarıqlarının inkişafına töhfə verdiyini qeyd edib. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin milli birliyin qorunması və dövlətçilik dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov isə çıxışında gənclərdə vətənə bağlılıq hissinin, milli-mənəvi dəyərlərə sədaqətin və dövlətə xidmət məsuliyyətinin gücləndirilməsində bu cür layihələrin rolundan danışıb. O, təşəbbüsün gənc nəslin dövlətinə və ordusuna sadiq, intizamlı və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına töhfə verdiyini vurğulayıb.
Sonda layihədə iştirak edən komandalar sertifikatlarla təltif olunublar.











.jpg)



























.jpg)










