Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı “S.Rüstəm küçəsi 31” ünvanı üzrə (Azərbaycan Respublikası Mənzil İnşaat Dövlət Agentliyi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ərazi partiya təşkilatının sədri, Azərbaycan Respublikası Mənzil İnşaat Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Hüseynova Prezident İlham Əliyevin qurultaydakı nitqinin qarşıdakı dövr üçün mühüm fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyini bildirib. O, dövlət başçısının sosial siyasətlə bağlı fikirlərinə toxunaraq, əhalinin rifahının yüksəldilməsinin və vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiyanın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən bəhs edərək, ölkənin hərbi qüdrətinin artırılması, ideoloji təhlükəsizliyin təmin olunması, fəal xarici siyasətin davam etdirilməsi, iqtisadi sabitliyin qorunması və “Böyük Qayıdış” prosesinin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azər Süleymanov, həmçinin partiya fəalları qarşısında qoyulan vəzifələrə toxunaraq, ideoloji işin formal yanaşmalardan uzaq, müasir tələblərə uyğun qurulmasının və Azərbaycanın reallıqlarının ictimaiyyətə düzgün çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Partiyanın veteran üzvü, Mənzil İnşaat Dövlət Agentliyinin şöbə müdiri Dilxoş Nuriyev çıxışında Prezident İlham Əliyevin qurultaydakı nitqində partiyanın əldə etdiyi nailiyyətlərin başlanğıcı ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib. O, Yeni Azərbaycan Partiyasının 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayının ölkənin siyasi tarixində mühüm hadisə olduğunu bildirib. Partiyanın yarandığı dövrün çətinliklərini xatırladan Dilxoş Nuriyev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə birləşən insanların ölkənin mürəkkəb vəziyyətdən çıxmasında mühüm rol oynadığını qeyd edib. O, tarixi həqiqətlərin qorunmasının və veteran partiya üzvlərinin təcrübəsinin gənc nəslə ötürülməsinin vacibliyini vurğulayıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.