Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Lənkəran şəhərində infrastrukturun müasirləşdirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı abadlıq işləri aparılır. “Şəhərsalma və memarlıq ili” çərçivəsində bir çox küçə, prospekt və parkda təmir-bərpa və yenidənqurma prosesi sürətlə davam edir.

"Unikal" xəbər verir ki,  hazırda Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov, Şirəli Axundov, Koroğlu və Fikrət Məmmədov küçələri, eləcə də Həzi Aslanov, Xocalı və Əsgər Əliyev adına “Dostluq” parkları əsaslı şəkildə abadlaşdırılır. Eyni zamanda, şəhərin əsas girişləri olan Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi dairəsi və Şəhidlər Xiyabanı ərazilərində də tikinti-bərpa işləri sürətləndirilib.

Kompleks tədbirlər çərçivəsində piyada yolları yenidən qurulur, sıradan çıxmış səkilər müasir üslubda bərpa edilir, çoxmərtəbəli binaların fasadları və girişləri (blokları) təmir olunur.
Müsbət dəyişikliklərin miqyasını genişləndirmək məqsədilə daha 33 küçədə də analoji abadlıq və bərpa işlərinin aparılması nəzərdə tutulur. Artıq onlardan 15-də - Kələntərlilər, Üzeyir Hacıbəyov, Anar Mahmudov, Əli Mehdizadə, Molla Pənah Vaqif, Hənifə Abdullayev, Molla Vəli Vidadi, Dədə Qorqud, Vüsal Quliyev, Elnur Talıbov, Vaqif Nağıyev, Samir Allahverdiyev, Etiram Hüseynov, Şəhidlər Xiyabanı döngə 9 və Şeyx Zahid küçələrində müvafiq işlərə start verilib.

Paralel olaraq, 7 çoxmənzilli binanın girişlərinin daxili hissələrinin və məhəccərlərinin rənglənməsi yekunlaşıb, hazırda fasadların rənglənməsi işləri aparılır.
Qeyd edək ki, Lənkəran rayonunun yerli büdcəsi hesabına həyata keçirilən bu tədbirlər Liman şəhəri, eləcə də Hirkan və Gərmətük qəsəbələrində də davam etdirilir. 
Şəhərin tarixi memarlıq üslubunu qoruyan bu kompleks tədbirlər Lənkəranın turizm potensialını artırır, sakinlər üçün rahat və müasir yaşayış mühiti yaradır. Görülən işləri yüksək qiymətləndirən yerli sakinlər rayona göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini  bildirirlər.