Oktyabrın 24-də Heydər Əliyev Sarayının səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının hazırladığı İtaliya bəstəkarı Cakomo Puççininin “Turandot” operasının premyerası olub. 

"Unikal" xəbər verir ki, səhnə əsəri "PASHA Holding"in dəstəyi ilə ərsəyə gəlob

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasını izləyib.

98 ildən sonra Azərbaycanda yenidən səhnələşdirilən “Turandot”un quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev və rejissoru Elnur İsmayılovdur. Tamaşanın xor hissəsi üzərində xormeyster və Əməkdar artist Sevil Hacıyeva çalışıb. Xoreoqraflar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovdur.

Tamaşada üç fərqli aktyor heyəti iştirak edir. Üç premyera axşamının hər birində Turandot və Kalaf rollarını müxtəlif solistlər ifa edəcək və dirijor kürsüsündə fərqli maestrolar olacaq.

Oktyabrın 24-də məşhur Kalaf rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və tanınmış opera müğənnisi, Xalq artisti Yusif Eyvazov ifa edib.

Yusif Eyvazov tamaşadan əvvəl jurnalistlərə açıqlamasında “Turandot” operasının premyerasını tarixi hadisə adlandırıb. Xalq artisti qeyd edib ki, 98 ildən sonra “Turandot” yenidən Azərbaycan səhnəsinə qayıdır: "Rejissor Mikayıl Mikayılov və quruluşçu rəssam Mustafa Mustafayevin təqdim etdiyi bu yeni tamaşa çox yüksək səviyyəyə malikdir. Azərbaycanlı sənətçilərə xarici opera solistləri də qoşulacaq".

Quruluşçu rejissor Mikayıl Mikayılov deyib ki, teatr truppası çox böyük əmək sərf edib: “Ümid edirik ki, tamaşaçılar səylərimizi qiymətləndirəcək və tamaşadan zövq alacaqlar. Bu, teatr mədəniyyətimiz üçün böyük dəyərə malik çox əlamətdar hadisədir”.

Qeyd edək ki, “Turandot” Cakomo Puççininin ən məşhur operalarından biridir. Üçpərdəli tamaşa Karlo Qozzinin eyniadlı pyesi əsasında hazırlanıb. Librettonu Cüzeppe Adami və Renato Simoni yazıblar. Operanın premyerası 1926-cı il aprelin 25-də Milandakı La Skala teatrında Arturo Toskanininin dirijorluğu ilə baş tutub.

Bakılı tamaşaçılar operanı ilk dəfə 1928-ci ildə, dünya premyerasından cəmi iki il sonra izləyiblər. Bakıdakı premyera Sovet İttifaqında ilk “Turandot” tamaşası olub.

Operanın süjeti amansız şahzadə Turandot və şahzadə Kalafın sevgi hekayəsi ətrafında cərəyan edir. Qozzininin nağılında olduğu kimi, Turandot bütün namizədləri üç tapmaca ilə sınayır və şərt qoyur ki, düzgün cavab verən adama ərə gedəcək, yanlış cavab verən isə edam ediləcək. Bir sıra sınaqlardan sonra Kalaf tapmacaları həll edir və nəhayət, sevgisinin gücünə təslim olan Turandotla evlənir.

Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.