Özbəkistan və ABŞ-nin dövlət qurumları və şirkətləri 12 milyard dollar dəyərində 54 müqavilədən ibarət paket imzalayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik bu müqavilələrin ticarət, investisiya və texnoloji əməkdaşlığı əhatə etdiyini bildirib. Qeyd edilib ki, müqavilələr ölkənin sənaye, nəqliyyat və enerji infrastrukturunun modernləşdirilməsinə, vacib mineral ehtiyatlarının inkişafına və maliyyə sektorunun, rəqəmsal texnologiyaların, kənd təsərrüfatının, səhiyyənin və təhsilin inkişafına yönəlib.

Məsələn, "GE Aerospace" şirkəti Özbəkistan Hava Yolları üçün yeni təyyarələr üçün mühərriklər tədarük edəcək. "Wabtec" lokomotivlər tədarük edəcək, eləcə də onların texniki xidmətini təşkil edəcək, komponentlər istehsal edəcək və işçi heyətini yetişdirəcək.

"Mədən sənayesində ReElement Technologies, Traxys və Trafigura ilə əməkdaşlıq yataqların kəşfiyyatı və işlənməsi, texnoloji əməkdaşlıq və mineral ehtiyatların tədarükünə yönəlib. Xüsusilə vacib minerallar sahəsində milli səriştələrin inkişafına əhəmiyyət verilir", - deyə bəyanatda bildirilir.