Oktyabrın 12-də Bakı Slavyan Universitetində (BSU) universitetin 80 illiyinə və Azərbaycanda bolqar dilinin tədrisinin 30 illiyinə həsr olunmuş “Dil və mədəniyyət” forumu keçirilib.

"Unikal" xəbər verir ki, BSU-nun rektoru A.Nağıyev çıxışında Bakı Slavyan Universitetinin Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğində, slavyan dillərinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsində mühüm rolunu vurğulayıb. Rektor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yaradılan Bakı Slavyan Universiteti üçün bu tarixi qərar yeni inkişaf mərhələsinin əsasını qoyub və Cənubi Qafqazda slavyan dillərinin, ədəbiyyatının və mədəniyyətinin tədqiqi eləcə də tədrisi istiqamətində geniş imkanlar yaradıb.

A.Nağıyev Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Bakı Slavyan Universitetində bolqarşünaslığın inkişafına verdiyi töhfələri, eləcə də iki ölkə arasında akademik əlaqələrin möhkəmlənməsində rolunu xüsusi qeyd edib. Rektor bildirib ki, 2004-cü ildən BSU-da Bolqar Dili Mərkəzi, 2013-cü ildən isə Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Hər iki mərkəzə müvafiq dilləri öyrənərək bu sahədə ixtisaslaşmış məzunların rəhbərlik etməsi əməkdaşlığın səmərəsini nümayiş etdirir.

A.Nağıyev iki universitet arasında əməkdaşlığın yalnız dil tədrisi ilə məhdudlaşmamalı, pedaqogika, məktəbəqədər təhsil və digər akademik istiqamətləri də əhatə etməsinin zəruriliyini vurğulayıb. Rektor Sofiya Universitetinin rektoru və nümayəndə heyətinin səfərinin mövcud əlaqələrin genişləndirilməsi, Bakı Slavyan Universitetində bolqar dilinin, Bolqarıstan universitetlərində isə Azərbaycan dili və mədəniyyətinin tədrisinin inkişafı baxımından yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Daha sonra Konstantin Preslavski adına Şumen Universitetinin rektoru Nataliya Vitanova rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib və BSU-da bolqar dilinin tədrisinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva çıxışında Bakı Slavyan Universitetində bolqar dilinin tədrisinin uzun tarixə malik olduğunu vurğulayaraq, universitetin müxtəlif dillərin tədrisi sahəsində təcrübəsinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, həmçinin tələbələrin dil biliklərinin konkret standartlar əsasında qiymətləndirilməsinin, təhsil pillələri üzrə müvafiq dil səviyyələrinin müəyyənləşdirilməsinin və onların kommunikativ bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra BSU-nun Balkanşünaslıq kafedrasının dosenti Bisserka Veleva, kafedranın baş müəllimi və universitetin məzunu Aytən Cəfərova, eləcə də Şərqi Avropa Dilləri fakültəsinin Tərcümə (Azərbaycan dili–bolqar dili) ixtisası üzrə tələbəsi Rəfiqə Qurbanzadə çıxış edərək bolqar dilinin tədrisi, Azərbaycan-Bolqarıstan akademik əlaqələri və bu sahədə əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.