Oktyabrın 12-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Bolqarıstan Respublikasının Konstantin Preslavski adına Şumen Universitetinin rektoru, professor Nataliya Vitanova ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş zamanı iki universitet arasında əməkdaşlığın qurulması, gələcək tərəfdaşlıq perspektivləri və birgə fəaliyyət imkanları müzakirə olunub.
Daha sonra professor Nataliya Vitanova BSU-da fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzi ilə tanış olub.
Sonda Bakı Slavyan Universiteti ilə Konstantin Preslavski adına Şumen Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən iki universitet arasında akademik əlaqələrin inkişafına, təcrübə mübadiləsinin genişləndirilməsinə, eləcə də birgə elmi və təhsil təşəbbüslərinin həyata keçirilməsinə yeni imkanlar yaranacaq.





















































