Vətəndaşın 12 il əvvəl götürdüyü krediti tam ödəyib başa çatdırmasına baxmayaraq, ona hələ də borclu olduğu bildirilir.
"Unikal" xəbər verir ki, bu u iddia ilə Yevlax rayonunun Ərəş kənd sakini Fəqan Abbasov “Xəzər TV-yə bildirib.
Fəqan Abbasov deyir ki, 2014-cü ildə bank olmayan kredit təşkilatından 1800 dollar götürüb.
12 ay ödəyib qurtarsa da, yenə ona borclu olduğu deyilir: “Mən 2014-cü ildə Maliyyə inkişafdan pul götürmüşəm. Kredit mənə dollarla verdilər. Borcu da o vaxtkı kursla 12 ay gecikmədən ödəmişəm -1800 dollar. Prezidentin fərmanında da dedilər ki, dolların kursu bağışlandı. Getdim, dedim ki, mən 2 ay artıq pul ödəmişəm. Dedilər ki, sənin adın getməyib Mərkəzi Banka. Üstündən keçdi... Mənim zaminim Qarabağ döyüşçüsüdür, onun kartından 2 ilə yaxındır pul çıxırlar. Mənə onlar pul verməlidir. Gedirəm, deyirlər, sizin adınız Mərkəzi Banka getməyib. Mən də Mərkəzi Banka məktub göndərmişdim. Dedilər ki, o həmin bankın problemidir”.
Fəqan Abbasov dəfələrlə təşkilata müraciət etməsinə baxmayaraq, borcu silinməyib.
Məsələyə münasibət öyrənmək üçün vətəndaşın kredit aldığı, İnkişaf üçün maliyyə bank olmayan kredit təşkilatının Mingçevir filialına müraciət etdik. Oradan bildirildi ki, həmin şəxsin krediti tam ödənilməyib. Onun adı ödənilənlər siyahısında olmayıb. Ona görə də onun zaminindən pul tutulur.
Fəqan Abbasov həmçinin “Finka-Azərbaycan”dan da kredit götürüb:
“Onunla bərabər, mən 2015-də “Finka”dan da pul götürmüşdüm - 750 dollar bir, 750 manat bir. 750 dolları da, manatı ödəmişəm. “Finka”ya da artıq pul ödədim, amma zəng edərək məni narahat edirlər. Hər gün zəng vurur, narahat edirlər. Mən də şəkər xəstəsiyəm. Mənə deyirlər “Finka”ya 650 dollar borcunuz var. Onun da 450-sini sonrada cərimə kimi yazıblar. “Təmizlik kağızı” vermədilər. Zaminimin kartından 22 manat çıxırlar. Onu da mən ödəyirəm”. “Finka”dan sorğumuza cavab olaraq bildirdilər ki, əgər vətəndaşın şikayəti varsa, təşkilatın qaynar xəttinə yazılı şəkildə və yaxud da Mərkəzi Banka aidiyyəti qurumlara müraciət edə bilər.




















































