Aviasiya heyətinin iş və istirahət rejimlərinə dəyişiklik edilir.
"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklikdə öz əksini tapıb.
Təqdim edilən qanun layihəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin IV və V bölmələrində müəyyən edilmiş ümumi normaların aviasiya sahəsinə tətbiqini istisna edilməsi və ayrıca maddələr ilə tənzimlənməsi məqsədini daşıyır.
Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilmişdir.
Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz. Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək, onların rəqabət qabiliyyətini zəiflədir.
Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub. Layihə ilə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq, aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif edilir. Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir.
İqtisadi səmərəliliyin artması yerli aviaşirkətlərin beynəlxalq bazarda rəqabət gücünü artıracaq və uçuş xəritəsinin genişləndirilməsinə şərait yaradacaqdır.
Sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydaların təsdiq edilməsi gözlənilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Anar Kəlbiyev





_1766155543.jpeg)




.webp)



.webp)





































