Çində səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) Baş direktoru Con Barkerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər bu sahələrdə mövcud potensialın daha səmərəli istifadəsi, istehsalçıların dəstəklənməsi və sektorun dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüş zamanı Azərbaycanda üzümçülük və şərabçılığın mövcud vəziyyəti, sahənin inkişaf perspektivləri, yeni üzüm bağlarının salınması, aqrar dəstək mexanizmləri və subsidiyalar, istehsalın və ixrac imkanlarının genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsi və digər məsələlər müzakirə edilib.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar sahənin rəqabətqabiliyyətliliyinin artırılması, istehsalın səmərəliliyinin yüksəldilməsi və müasir texnologiyaların tətbiqi əsas prioritetlərdəndir. Dövlət Proqramında müəyyən edilmiş hədəflər üzümçülük və şərabçılıq sahələrinin inkişafı, istehsal potensialının gücləndirilməsivə yerli məhsulların beynəlxalq bazarlarda rəqabət imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Bu istiqamətdə dayanıqlı istehsalın təşviqi, innovasiyaların tətbiqi və ixrac imkanlarının artırılması xüsusi önəm kəsb edir.

Tərəflər üzümçülük təsərrüfatlarının inkişafına dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi, şərab istehsalının artırılması, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, 1924-cü ildə yaradılmış Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı bu sahədə qlobal istinad mənbəyi olan elmi-texniki hökumətlərarası qurumdur. Təşkilatın üzv ölkələri dünya üzrə üzüm bağlarının 90 faizini, şərab istehsalının 88 faizini, istehlakının isə 75 faizini əhatə edir. Azərbaycan təşkilatla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və ekspertləri OIV-in Baş Assambleyasında, iclaslarında və seminarlarında müntəzəm iştirak edirlər.