Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev dindirmə zamanı heç kimə xəsarət yetirmək niyyətində olmadığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Musayev dindirmə zamanı erməni ailəsinə məxsus evə daxil olarkən heç kimə zərər vermək fikrinin olmadığını deyib. Onun sözlərinə görə, ev sahibəsindən onu buraxmasını dəfələrlə xahiş etsə də, qadın silahından yapışdığı üçün atəş açmağa məcbur olub. Hərbçi yazılı ifadəsində daha sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla zərbələr endirdiyini və onu döydüyünü də qeyd edib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Rasim oğlu Musayev sentyabrın 26-da xidmət yerində olmadığından və onun harada olduğu müəyyənləşdirilmədiyindən axtarışa verilib.
Aparılan tədbirlər nəticəsində Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin müvafiq qurumları tərəfindən saxlanıldığı müəyyən edilib.





.webp)














































