Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 3148 abituriyent 600 və daha yüksək bal toplayıb.

"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, həmin abituriyentlərdən 1811 nəfəri regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır:

"Yüksək nəticə göstərən abituriyentlər, demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edirlər. Bu rəqəmlərdə ən vacib məqamlardan biri yüksək nəticələrin getdikcə daha geniş coğrafiyanı əhatə etməsidir. Gəncin harada yaşamasından və hansı məktəbdə oxumasından asılı olmayaraq biliyinin obyektiv qiymətləndirilməsi və əldə etdiyi nəticəyə uyğun imkan qazanması təhsil sistemində ədalətin əsas şərtlərindən biridir".

DİM sədri həmçinin bildirib ki, yüksək nəticə göstərən gənclərin Prezident təqaüdünə layiq görülməsi də uzun illərdir davam edən mühüm ənənədir:

"Dövlətin gənclərin biliyini və əməyini ən yüksək səviyyədə qiymətləndirməsi onların gələcək inkişafı üçün də ciddi stimul yaradır. Bu il Prezident təqaüdünə namizəd olan 102 gəncin 54 nəfəri regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən 15 nəfəri kənd və qəsəbə məktəblərinin məzunlarıdır. 4 nəfər isə keçmiş məcburi köçkün rayonlarına aid məktəbləri təmsil edir. Bu rəqəmlər bir daha göstərir ki, istedadın ünvanı yoxdur. Yüksək nəticə paytaxtın da, regionun da, kənd məktəbinin də sinif otağından çıxa bilər. Əsas məsələ istedadlı gəncin öz potensialını reallaşdıra bilməsi üçün imkanların əlçatan olmasıdır".