Yunanıstanın hazırkı Baş naziri Kiriakos Mitsotakis və ailəsi həyatlarını Türkiyəyə borcludurlar.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan kontr-admiralı Cihat Yaycı bildirib.

Onun sözlərinə görə, bu gün Afina Ankaraya qarşı nankor siyasət yürüdür.

Yaycı qeyd edib ki, 1967-ci ildə Yunanıstanda baş verən hərbi çevriliş zamanı hazırkı Baş nazirin atası Konstantinos Mitsotakis Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) xüsusi əməliyyatı sayəsində ailəsi və o vaxtkı 6 aylıq Kiriakosla birlikdə Türkiyəyə aparılıb: "Yunan xuntasının (inqilabçıların - red.) rəhbərliyi Konstantinos Mitsotakisə qarşı ölüm hökmü çıxarmışdı. Əgər Türkiyə qapılarını açıb onları xilas etməsəydi, çox güman ki, nə Konstantinos Mitsotakisin özü sağ qala bilərdi, nə də Kiriakos Mitsotakisin sonrakı illərdə baş nazir olması mümkün olmazdı".

O, həmçinin əlavə edib ki, Türkiyənin o vaxtkı xarici işlər naziri İhsan Sabri Çağlayangil sonradan Mitsotakis ailəsinə Türkiyədən Parisə köçməkdə böyük dəstək verib.

Yaycının sözlərinə görə, Mitsotakis ailəsi Türkiyə Respublikasına "tarixi minnətdarlıq borcu" daşıyır və nankor davranış nümayiş etdirməməlidir.

Ağarza Elçinoğlu