"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi Andrey Santosu heyətinə qatıb.

"Unikal" xəbər verir ki, Premyer Liqa təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

22 yaşlı braziliyalı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Müqavilənin müddətinin uzadılması imkanı da nəzərdə tutulub.

Daha əvvəl İngiltərə mətbuatında yayılan xəbərlərə görə, "Mançester Yunayted" bu transfer üçün 50 milyon funt sterlinq (təxminən 58,5 milyon avro) ödəyib.

Andrey Santos 2023-cü ilin yanvarından "Çelsi"nin futbolçusu idi. O, ötən mövsüm bütün turnirlərdə 43 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.