“Rəqəmsal inkişaf ölkələrin rəqabət qabiliyyətini artıran əsas amillərdən biridir. Bu inkişaf sayəsində dövlət xidmətləri daha əlçatan olur, biznes prosesləri sürətlənir, vətəndaş məmnuniyyəti artır və iqtisadi səmərəlilik yüksəlir. Təhsil sahəsində distant təhsil imkanları genişlənir, səhiyyədə elektron xidmətlər inkişaf edir, kənd təsərrüfatında ağıllı texnologiyalar tətbiq olunur, sənayedə isə avtomatlaşdırma məhsuldarlığı artırır".

 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsimin sədri Arzu Nağıyev parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda təşkil etdiyi ictimia dinləmədə deyib.

Komitə sədri bildirib ki, bu transformasiyanın mərkəzində isə süni intellekt dayanır. Onun sözlərinə görə, süni intellekt insanın öyrənmə, analiz etmə və qərarvermə proseslərini müəyyən səviyyədə təqlid edən texnologiyadır:

"Artıq süni intellekt gündəlik istifadə etdiyimiz rəqəmsal platformalarda geniş tətbiq olunur. Təhsil sahəsində süni intellekt hər bir şagirdin bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş öyrənmə imkanları yaradır. Müəllimlər tədris prosesini daha effektiv planlaşdıra bilir, şagirdlər isə öz bilik boşluqlarını daha asan müəyyən edərək inkişaf etdirirlər. Lakin hər bir texnoloji inkişaf kimi, süni intellekt və rəqəmsal platformalar da müəyyən risklər yaradır. Xüsusilə uşaqlar və yeniyetmələr internetdən və sosial şəbəkələrdən geniş istifadə etdikləri üçün bu risklərə daha həssas qrup hesab olunurlar. Bu gün uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial şəbəkələrdə keçirir. Onlar burada ünsiyyət qurur, məlumat əldə edir, öyrənir və əylənirlər. Lakin sosial şəbəkələrin faydaları ilə yanaşı ciddi təhlükələri də mövcuddur. Sosial şəbəkələrdə təhqir, alçaldıcı rəylər, təhdidlər və məqsədli psixoloji təzyiq uşaqların emosional sağlamlığına mənfi təsir göstərir. Bir çox hallarda kibertəzyiq uşaqlarda özünəinamın azalmasına, sosial təcridə, depressiyaya və hətta daha ağır psixoloji nəticələrə səbəb ola bilir. Zərərli və yaşa uyğun olmayan məzmunun əlçatanlığı, şiddət, nifrət nitqi, dezinformasiya, manipulyativ reklamlar və digər uyğun olmayan materiallar uşaqların psixoloji inkişafına mənfi təsir göstərə bilər.

Bundan əlavə, şəxsi məlumatların təhlükəsizliyi də ciddi məsələdir. Uşaqlar çox vaxt şəxsi məlumatlarını, şəkillərini və yerləşdikləri məkanı düşünmədən paylaşırlar. Bu isə kibercinayətkarlar tərəfindən saxta hesabların yaradılması, dələduzluq və digər qanunsuz fəaliyyətlər üçün istifadə oluna bilər. Saxta foto, video və səs yazıları hazırlayan texnologiyalar, avtomatik yaradılan manipulyativ məzmun və saxta profillər uşaqların doğru məlumatı yanlış məlumatdan ayırmasını çətinləşdirə bilər. Bu problemlərin həlli yalnız bir qurumun üzərinə düşmür. Burada dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir. Valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməli, onlarla açıq dialoq qurmalı, internetdən təhlükəsiz istifadə qaydalarını izah etməli və onlayn fəaliyyətlərinə maraq göstərməlidirlər. Nəzarət yalnız məhdudlaşdırmaq deyil, həm də etibar və maarifləndirmə üzərində qurulmalıdır".

Deputat qeyd edib ki, məktəblərdə kibertəhlükəsizlik mövzularına daha geniş yer verilməlidir: "Şagirdlər yalnız kompüterdən istifadə etməyi deyil, həm də məlumatın doğruluğunu yoxlamağı, şəxsi məlumatlarını qorumağı, sosial şəbəkələrdə etik davranmağı və internet risklərini tanımağı öyrənməlidirlər. Sosial şəbəkə platformaları isə süni intellektdən istifadə etməklə zərərli məzmunun daha operativ aşkarlanmasını, uşaqlar üçün təhlükəsizlik funksiyalarının təkmilləşdirilməsini təmin etməlidirlər. Texnologiya sürətlə dəyişir, lakin dəyişməyən bir məsələ var: Gələcəyimiz, genofondumuz olan uşaqların təhlükəsizliyi hər zaman cəmiyyətimizin ən yüksək prioritetlərindən biri olmalıdır. Rəqəmsal inkişaf insan rifahına xidmət etməli, süni intellekt isə etik prinsiplərə və xüsusilə uşaqların maraqlarına uyğun şəkildə inkişaf etdirilməlidir. Gələcəyimizi bugünkü uşaqlar formalaşdıracaqlar. Onlara təhlükəsiz, sağlam və məsuliyyətli rəqəmsal mühit yaratmaq hər birimizin ortaq vəzifəsidir. Əgər biz texnologiyanın imkanlarını düzgün istiqamətləndirə bilsək, süni intellekt və rəqəmsal inkişaf gələcək nəsillər üçün daha təhlükəsiz, daha savadlı və daha innovativ bir dünya qurmağa xidmət edəcək".