Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha 6 itkin-şəhidi dəfn ediləcək. Onlardan biri də Musayev Dəyanət Salik oğludur.
"Unikal"ın əldə etdiyi məlumata görə, Dəyanət Musayev 1994-cü il fevral ayının 14-də "Murovdağ əməliyyatı"nda itkin düşüb.
Dəyanət Musayev 1973-cü il 14 iyunda Ucar rayon Boyat kəndində anadan olub. İtkin-şəhidimiz müharibəyə könüllü gedib.
Nəşinin qalıqları bir il öncə tapılıb. Kimliyi müəyyən edildikdən sonra, 3 iyul 2026-cı ildə doğulduğu Boyat kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, 1994-cü ilin 14 fevralında Murovdağ silsiləsində, xüsusilə Ömər aşırımı istiqamətində ağır döyüşlər baş verib. Rus-erməni işğalçı terrorçuları ilə ağır döyüşlərdə Azərbaycan Milli Ordusunun 200 hərbçisi şəhid oldu, (bəzi mənbələrdə daha çoxdur) 150 nəfər isə yaralandı. Qarşı tərəfin isə 800 nəfər itki verdiyi deyilir.
Döyüş əməliyyatları dəniz səviyyəsindən təxminən 3462 metr yüksəklikdə, sərt qış şəraitində aparılıb. Azərbaycan qüvvələri Kəlbəcər istiqamətində strateji yüksəklikləri ələ keçirmək məqsədilə hücuma keçmişdi. Ermənilərin gözləmədiyi bu hücum ilk mərhələdə müəyyən üstünlük yaratdı. Lakin daha sonra qarşı tərəf əks-hücuma keçdi. O dövrdə separatçı qüvvələrə rəhbərlik etmiş Robert Köçəryan müsahibələrində bu əməliyyatı müharibənin taleyini dəyişə biləcək hadisə kimi qiymətləndirmişdi.
Ömər aşırımından keçən yolun Ermənistan qoşunlarının nəzarəti altında olması səbəbindən Azərbaycan qoşunları Kəlbəcər bölgəsini ensiz Susuzluq-Təkəqaya-Ağdağ yolu ilə tərk etmək məcburiyyətində qaldı. Bütün ağır texnika isə tərk edildi.

Azərbaycan briqadalarının bir hissəsi bu əməliyyatda mühasirəyə düşdü, həlak oldu, soyuqdan dondu, qar uçqunu altında qaldı və ya itkin düşdü.
Britaniyalı jurnalist və tədqiqatçı Thomas de Vaal özünün "Black Garden" kitabında bu əməliyyatı Qarabağ müharibəsinin ən ağır və faciəli epizodlarından biri kimi təsvir edir. O, mühasirəyə düşən briqadaların ağır itkilər verdiyini və dağlarda uzun müddət donmuş cəsədlərin qaldığını qeyd edir.
Hadisələrin iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyev Azərbaycan qoşunlarının Kəlbəcər rayonundan çıxarılmasını belə təsvir edir: "Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr edildi, çünki dayansalar və ya yerdə otursalar donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Heç bir halda dayanmamaq əmri verildi. Hətta komandirimiz polkovnik İntiqam Abdullayev belə yorğunluqdan yerə oturdu. Yanına gəldim və getdikcə huşunu itirdiyini gördüm. Üzünə bir neçə dəfə vurdum. Ona dedim: Qalx. Gedək. Cavab verdi: Mən qaldım, sən get!".
Lakin hələ də itkilər barədə rəsmi məlumat yoxdur. Tomas de Vaal Ömər dağı döyüşlərində Azərbaycan ordusunun 4000-ə yaxın itki verdiyini qeyd edir.
Bu ağır itkilərdən bir neçə ay sonra - 1994-cü ilin mayında tərəflər arasında atəşkəs əldə olundu və Bişkek protokolu imzalandı. Bu sənədə görə aktiv hərbi əməliyyatlar dayandırdı və Qarabağ müharibəsinin birinci mərhələsini faktiki olaraq sonlandırıldı.
Müzəffər Azərbaycan Ordusunun qələbəsi nəticəsində Kəlbəcər rayonu İkinci Qarabağ müharibəsi nəticəsində, 2020-ci il noyabrın 25-də bir güllə belə atılmadan imzalanan üçtərəfli bəyanata əsasən işğaldan azad edilib.
Ağarza Elçinoğlu









































.jpg)


