2 iyul 2026-cı il tarixdə Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Polis Şöbəsinin əməkdaşları, veteran polis işçiləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və Azərbaycan polisinin ölkədə sabitliyin, ictimai asayişin həmçinin vətəndaşların təhlükəsizliyinin qorunmasında müstəsna rol oynadığını vurğulayıb. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin polis orqanlarının formalaşması və inkişafındakı tarixi xidmətlərini xatırladaraq, bu ali diqqətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlət tərəfindən daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını diqqətə çatdıran natiq, eyni zamanda torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhid polislərin əziz xatirəsini ehtiramla yad edib. Rayon rəhbəri asayiş keşikçilərinin cinayətkarlığa qarşı mübarizədə hər zaman sayıqlıq nümayiş etdirdiyini və yerli sakinlərin rəğbətini qazandığını qeyd edib. Çıxışının sonunda rayonun hüquq-mühafizə orqanlarına göstərdikləri fədakarlığa görə təşəkkür edərək, veteranlara və xidmətdə olan heyətə cansağlığı, dövlətçiliyimizin qorunması naminə çətin və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov şəxsi heyəti bayram münasibətilə təbrik edərək Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun təbrik məktubunu diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının inkişaf etdiyini, insanların hüquq və azadlıqlarının müdafiəsini peşəkarlıqla həyata keçirdiyini vurğulayaraq, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə icrası naminə səy və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini ifadə edib.

Tədbirdə çıxış edən digər natiqlər - Neftçala rayon prokuroru, ədliyyə müşaviri Zeynal Zeynalov, veteran polis işçisi, Neftçala rayon Polis şöbəsinin nəzdində fəaliyyət göstərən Veteranlar Şurasının sədri Sadiq Abbasov və şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını təbrik edib, onlara fədakar fəaliyyətlərində yeni nailiyyətlər arzulayıblar. Natiqlər qeyd ediblər ki, dövlət qayğısı nəticəsində Azərbaycan polisi ölkədə qanunun aliliyinin, vətəndaşların təhlükəsizliyinin və daxili sabitliyin təmin edilməsində əsas dayaqlardandır. Çıxış edənlər ölkədə yaradılan sabitliyə və hüquq-mühafizə  orqanlarının əməkdaşlarına, eləcə də şəhid ailələrinə göstərilən ali diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə “Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü” münasibətilə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə bir qrup polis əməkdaşına Neftçala Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim olunub, Daxili İşlər Nazirliyinin və Rayon Polis Şöbəsinin rəhbərlikləri tərəfindən polis işçilərinin mükafatlandırılması barədə məlumatlar diqqətə çatdırılıb.

Tədbirin sonunda xatirə şəkili çəkilib.