Almaniyada davam edən isti hava dalğası fonunda ardıcıl üçüncü gündür ki, ölkə üzrə rekord temperatur qeydə alınıb.

"Unikal" xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, ölkənin Polşa ilə sərhədində yerləşən Koşen qəsəbəsində havanın temperaturu 41,7 dərəcə təşkil edib. Bu, indiyədək ölkədə ölçülmüş ən yüksək temperaturdur.

İyunun 26-da Saarbrüken əyalətində 41,3, ötən gün isə Saksoniya-Anhalt əyalətində 41,5 dərəcə qeydə alınıb. Əvvəlki rekord göstərici 2019-cu ilin iyulunda Şimali Reyn-Vestfaliya əyalətinin Tönisforst və Duysburq-Baerl şəhərlərində ölçülüb - 41,2 drəcə.

Qeyd edək ki, ötən gecə də Almaniya tarixində ən isti gecə olub. Saksoniya əyalətinin Bautsen rayonundakı Kubşüts yaşayış məntəqəsində gecə havanın temperaturu 29,4 dərəcə təşkil edib. Bununla da, 2003-cü ilin avqustunda Reynland-Pfalts əyalətinin Vaynbit bölgəsində qeydə alınmış 27,2 dərəcəlik əvvəlki rekord yenilənib.

Havanın bazar ertəsindən etibarən tədricən sərinləşəcəyi və əksər bölgələrdə 30 dərəcədən aşağı düşəcəyi proqnozlaşdırılır.