Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun Bakıya səfəri çərçivəsində dövlət başçımız cənab Prezident İlham Əliyevlə keçirdiyi görüş və mətbuata verdikləri bəyanatlar göstərir ki, iki ölkə arasında münasibətlər ənənəvi dostluq və qardaşlıq çərçivəsini aşaraq daha dərin strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur.
Dövlət başçılarının görüşü yalnız ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Xəzər hövzəsi, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında formalaşan yeni geoiqtisadi reallıqlar kontekstində mühüm əhəmiyyət daşıyır. O cümlədən, bu görüş iki ölkə arasındakı münasibətlərin diplomatik əlaqələrdən daha çox, ortaq tarixə, mədəniyyətə və strateji maraqlara söykənən qardaşlıq münasibətləri olduğunu bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə etdi. Dövlət başçısı vurğuladı ki, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Əslində, Azərbaycan-Türkmənistan əlaqələrinin bugünkü səviyyəsini məhz bu amillər şərtləndirir. İki xalqı ortaq etnik köklər, dil yaxınlığı və əsrlər boyu formalaşmış mənəvi bağlılıq birləşdirir. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri münasibətlərin tarixi, mədəni və mənəvi bağlar üzərində qurulduğunu vurğulamaqla yanaşı, bu əlaqələrin konkret iqtisadi və siyasi məzmunla zənginləşdirilməsinin vacibliyini ön plana çıxarması oldu. Bu gün Azərbaycan və Türkmənistanı birləşdirən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır.
Dövlət başçısı cənab İlham Əliyev nəqliyyat-logistika əməkdaşlığını “strateji əhəmiyyətə malik” sahə kimi qiymətləndirərək bildirdi ki, müasir dünyada təhlükəsiz və etibarlı nəqliyyat marşrutları məhduddur və belə layihələr yalnız yüksək siyasi etimad şəraitində uğurla həyata keçirilə bilər. Bu yanaşma Azərbaycanın son illərdə formalaşdırdığı Orta Dəhliz strategiyası ilə tam uzlaşır və Türkmənistanın bu prosesdə rolunun artacağını göstərir. Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsini “tarixi hadisə” adlandırması da təsadüfi deyildi. Bu fikir Azərbaycanın özünü yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, həm də böyük Mərkəzi Asiya məkanının ayrılmaz siyasi və iqtisadi tərəfdaşı kimi görmək istədiyini bir daha nümayiş etdirir. Türkmənistanın bu məsələdə göstərdiyi dəstək isə Bakı ilə Aşqabad arasında qarşılıqlı strateji etimadın yüksək səviyyəsini təsdiqləyir. Prezident Sərdar Berdiməhəmmədov da Azərbaycanla əməkdaşlığın praktik istiqamətlərinə xüsusi diqqət yetirdi. Onun energetika, nəqliyyat, kimya və tekstil sənayesini prioritet sahələr kimi qeyd etməsi, eləcə də Şərq–Qərb nəqliyyat və tranzit dəhlizlərinin inkişafı üzrə razılaşmaları vurğulaması göstərir ki, Türkmənistan Azərbaycanı yalnız dost və qardaş ölkə deyil, həm də qlobal bazarlara çıxış üçün etibarlı geostrateji tərəfdaş hesab edir. Səfərin əsas siyasi nəticələrindən biri prezidentlərin imzaladığı Birgə Bəyanat oldu. Bu sənəd tərəflərin siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində ortaq iradəsini nümayiş etdirir. Birgə Bəyanat, eyni zamanda, Azərbaycan–Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini təsdiqləyən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. “Səfərin ən yaddaqalan hadisələrindən biri Azərbaycan tərəfindən Türkmənistana “Dostlug” neftdaşıyan tankerinin hədiyyə olunması oldu.
Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş bu tanker iki ölkə arasında dostluğun və qardaşlığın rəmzi olmaqla yanaşı, Azərbaycanın sənaye potensialını və müasir gəmiqayırma imkanlarını nümayiş etdirir. Uzunluğu 141 metr, dedveyti 7875 ton olan tankerin inşası ölkəmizin yüksək texnoloji istehsal sahələrində əldə etdiyi nailiyyətlərin göstəricisidir. Bu addım həm də Azərbaycanın regional sənaye mərkəzi kimi mövqeyinin gücləndiyini və yerli istehsal imkanlarının beynəlxalq əməkdaşlıq layihələrində uğurla tətbiq olunduğunu göstərir. Bütövlükdə Türkmənistan Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilə bilər. İmzalanmış sənədlər, əldə olunmuş razılaşmalar və nümayiş etdirilən siyasi iradə göstərir ki, Azərbaycan və Türkmənistan qarşıdakı illərdə strateji tərəfdaşlığı daha da dərinləşdirmək, iqtisadi əməkdaşlığı genişləndirmək və regional inkişaf proseslərində birgə iştirak etmək əzmindədirlər.
Bu səfər iki dost və qardaş ölkə arasında münasibətlərin gələcək perspektivlərinin olduqca geniş və ümidverici olduğunu bir daha təsdiqlədi. Bu qardaşlıq görüşünü həmdə Türk dünyasına açılan üfüq yolu adlandırmaq olar.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov
























.jpg)



























