Albaniyanın Baş naziri Edi Rama ölkənin Adriatik dənizi sahilindəki Vjosa-Narta təbiət qoruğunda 4 milyard dollarlıq kurortun tikintisi ilə bağlı korrupsiya sxemlərində iştirakı ilə bağlı iddiaları təkzib edib.

"Unikal" xəbər verir ki, o, bu barədə "Financial Times" (FT) qəzetinə müsahibəsində deyib. 

Baş nazir ittihamları şərh edərkən bildirib ki, günahsızlığını "sübut etmək" niyyətində deyil.  Həmçinin, Rama əlavə edib ki, layihənin qanuni şəkildə həyata keçirilir və ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir.

Rama həmçinin amerikalı investor Cared Kuşnerin investisiyasının qanuni olduğunu və Vjosa-Narta təbiət qoruğunun əvvəlki torpaq sahibi ilə bağlı davam edən istintaqla heç bir əlaqəsinin olmadığını vurğulayıb. 

Xatırladaq ki, may ayının sonlarında Albaniyada etirazlar baş verib, tikinti şirkətlərinin kurort ərazisinə tikanlı məftillərlə çəpər çəkməsi və çimərliyə girişi bağlaması nəticəsində etirazlar başlayıb. Etirazlarda ətraf mühit təşkilatları iştirak edib. 7 iyun tarixində Rama Albaniya hakimiyyətinin etirazlara baxmayaraq kurort tikinti layihəsini davam etdirmək niyyətində olduğunu açıqlayıb. Etirazlar gündəlik adi hala çevrilib və iştirakçılar baş nazirin Tiranadakı iqamətgahına yürüş edərək onun istefasını tələb ediblər. 

Daha əvvəl Albaniyanın Xüsusi Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Albaniyanın Adriatik dənizi sahilindəki Vjosa-Narta təbiət qoruğunun statusunda dəyişikliklərlə bağlı araşdırma başlatmışdı. ABŞ prezidentinin kürəkəni Cared Kuşnerə məxsus investisiya şirkəti Affinity Partners onu kurort kimi inkişaf etdirmək istəyir. Layihəyə yaşayış olmayan Sazan adası və bir neçə yüz hektar qorunan landşaft daxildir.

Gülayə Mecid